𝐌ü𝐡𝐚𝐬𝐢𝐛𝐚𝐭 𝐮ç𝐨𝐭𝐮 - 𝐫𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐥ə𝐫𝐢 𝐭ə𝐬ə𝐫𝐫ü𝐟𝐚𝐭 ə𝐦ə𝐥𝐢𝐲𝐲𝐚𝐭𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐢𝐥𝐤𝐢𝐧 𝐮ç𝐨𝐭 𝐬ə𝐧ə𝐝𝐥ə𝐫𝐢𝐧ə ə𝐬𝐚𝐬ə𝐧 𝐬𝐢𝐬𝐭𝐞𝐦𝐥əş𝐝𝐢𝐫𝐢𝐥𝐦ə𝐬𝐢𝐝𝐢𝐫.

Mühasibat uçotu hesabı - təsərrüfat əməliyyatları haqqında məlumatların və mühasib uçotunda digər informasiyanın qruplaşdırılması və saxlanılması üçün əsas vahiddir.


Sintetik hesab - əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların qruplaşdırılmasıdır.


Analitik hesab - sintetik hesablardakı məlumatların daha təfsilatı ilə qruplaşdırılmasıdır.


Subhesab - qruplaşdırılmış analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın bir hissəsidir.

Mühasibat uçotunun hesablar planı - mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmusudur.

Mühasibat uçotunun standartları - bu qanunun müddəalarının inkişafı məqsədilə qəbul edilmiş mühasibat uçotunun aparılmasına dair icbari qaydaları və ya göstərişləri müəyyən edən normativ sənəddir.

Adi (normal) əməliyyat dövrü - xammal, material, əmtəə və s. sərvətlərin alındığı, pul (kapital) qoyulduğu gündən etibarən onların nəticələrinin yenidən hazır məhsula, iş və xidmətə çevrilərək satıldığı dövrədək olan müddətdir.

Dövriyyə vəsaitləri (aktivləri) - bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsalat, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir. Bunlara kassada və bankda olan pul vəsaitləri, tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsi aiddir.

Dövriyyədənkənar (uzunmüddətli) aktivlər - bir neçə il istifadəsi nəzərdə tutulan faydalı xassələrdir. Bunlara əsas vəsaitlər, kapital, yaxud başqa maliyyə qoyuluşları, qeyri-maddi aktivlər aiddir.

Qeyri-maddi aktivlər - fiziki əsası olmayan, lakin sahibkarın imtiyazı və hüququ əsasında dəyər yaradan dövriyyədənkənar aktivlərdir.

Müəssisə əmlakı - müəssisənin dövriyyə və dövriyyədənkənar aktivlərinin məcmuudur.

Cari öhdəliklər - bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) ödənişi nəzərdə tutulan alınmış ssudalar, qiymətli kağızlar, verilmiş veksellər və s. öhdəliklərdir.

Uzunmüddətli öhdəliklər - ödənişi bir ildən çox müddətə nəzərdə tutulan öhdəliklərdir.

Maliyyə qoyuluşları - səhmlərin, istiqrazların və başqa qiymətli kağızların alınması, başqa müəssisələrə nizamnamə kapitalı qoyulması, borc verilməsi və s. ilə əlaqədar müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin investisiya qoyuluşlarıdır.

İlkin sənədlər - təsərrüfat əməliyyatlarını və onların aparılması üçün rəhbərliyin (sahibkarın) göstərişini təsdiq edən yazılı şəhadətnamədir.


İlkin dəyər - alınması, quraşdırılması və başqa analoji xərcləri də daxil etməklə əmlakın, obyektin əldə edilməsinə çəkilən faktiki məsrəflərdir.

Bərpa dəyəri - mövcud vaxtda istifadəsi zəruri olan dövriyyədənkənar aktivlərin mümkün məsrəflərinin qiymətləndirilməsidir.

Maliyyə (mühasibat) hesabatı - müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, maliyyə vəziyyətinin, təsərrüfat fəaliyyətinin nəticələrinin və s. istifadəçilər (səhmdarlar, kreditorlar, sahibkarlar, dövlət orqanları və s.) üçün təyin edilmiş formalarda öz əksini tapa bilən mühasibat uçotunun faktiki və düzgün təsdiq olunmuş göstəricilərinin yekunlarının məcmusudur.

Mühasibat balansı - hesabat dövrünün son gününə müəssisə və digər təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini dəyər ifadəsində əks etdirən maliyyə hesabatıdır.

Aktiv - keçmiş hadisələrin nəticəsi kimi mühasibat uçotu subyekti tərəfindən idarə olunan və vəsaitlərin hərəkətini, fəaliyyət göstərməsini, gələcəkdə ondan iqtisadi qazanc əldə etmək mümkünlüyünü ifadə edən resurslardır. Aktiv təsərrüfat subyektinə məxsus bütün dəyəri olan mülkiyyətidir: bankdakı pullar, binalar, avadanlıq, satışa hazır məhsullar və ya yarımfabrikatlar, xammal, materiallar və s.

Passiv - təşkilatın yaradılması və fəaliyyətində payını əks etdirərən öhdəlikləri ifadə edir.

Giriş balansı - müəssisə yaradılmış tarixə nizamnamə fondu əsasında tərtib olunur.

Cari balans - müəssisənin fəaliyyətdə olduğu bütün dövrdə dövrü olaraq uçot siyasətinə və hesabat dövrlərinə uyğun tərtib olunur.

Bölüşdürmə balansı -böyük müəssissələrin bir neçə müəssisəyə ayrılması ilə və bir sıra halda böyük müəssisənin tabeliyində olan istehsal vahidlərinin başqa müəssisənin tabeçiliyinə verildikdə tərtib olunur.

Birləşmə balansı - bir neçə müəssisənin bir müəssisə tabeçiliyində birləşməsi ilə əlaqədar olaraq tərtib olunur.

Amortizasiya – köhnəlmə və ya yararsızlaşma ilə bağlı olaraq dəyərin azalması olmaqla aktivin amortizasiya dəyərinin onun faydalı xidmət müddəti ərzində sistematik şəkildə bölüşdürülməsidir.

İstehsal ehtiyatları - dəyəri istehsal olunmuş məhsulun maya dəyərinə tamlıqla daxil olan və bu zaman öz xarici formasını dəyişən, təsərrüfat fəaliyyətinin həyata keçirilməsində istifadə olunan əmək əşyalarıdır.

Sintetik uçot- vəsaitlərin təsnifatına uyğun olaraq mühasibat uçotunda əks olunur.

Analitik uçot- vəsaitlərin adları (növü, çeşidi, ölçüsü və s.) və saxlanma yerləri üzrə aparılır.

Azqiymətli və tezköhnələn əşyalar - dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan, istehsal prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsulun dəyərinə keçirən və bu prosesdə natural formasını saxlayan sərvətlərdir. Məs: əmək alətləri, təsərrüfat inventarları.

Maya dəyəri - məhsul istehsalına sərf edilən bütün məsrəfləri təşkil edir.

Ümumistehsalat xərcləri - müəssisənin əsas və köməkçi istehsalatlarına xidmət üzrə xərclər haqqında məlumatların ümumiləşdirilməsidir.

Ümumtəsərrüfat xərcləri - istehsal əməliyyatları ilə bilavasitə əlaqədar olmayan xərclərdir.

Zay məhsul -istehsal əməliyyatından keçmiş, lakin öz keyfiyyətinə görə müəyyən olunmuş standartlara, texniki göstəricilər və ya sifarişçi ilə bağlanmış müqavilə şərtlərinə uyğun olmayan məhsul və yarımfabrikatlar hesab olunur.

Düzəldilən zay məhsullar - düzəldilməsi texniki cəhətdən mümkün,iqtisadi cəhətdən sərfəli olan və buraxılan nöqsanlar düzəldildikdən sonra öz təyinatına görə istifadə olunan məhsullardır.

Düzəldilməyən zay məhsullar - düzəldilməsi texniki cəhətdən mümkünsüz və iqtisadi cəhətdən sərfəli olmayan məhsullardır.

Xidmətedici istehsalat və təsərrüfatlar - müəssisənin məhsul istehsalı ilə bağlı olmayan, lakin yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar onun əmlakı sayılaraq balansında olan təsərrüfatlardır (yaşayış evləri, yataqxanalar, məişət emalatxanaları, yeməkxana, uşaq bağçaları və s.).

Bitməmiş istehsalda məhsullar istehsal prosesində müəyyən olunmuş bütün mərhələlərdən keçməyib, hazır məhsul kimi istehsalı başa çatmayıb, müəssisənin texniki nəzarət şöbəsi tərəfindən qəbul olunmayıb və yaxud sifarişçiyə təhvil verilməyib.

Hazır məhsullar - mövcud olan standart və texniki şərtlərə, keyfiyyət göstəricilərinə uyğun olaraq tam şəkildə bütün istehsal əməliyyatlarından keçmiş məhsullardır.

Kommersiya xərcləri - hazır məhsulun satıcının anbarlarında taralaşdırılması və qablaşdırılmasına sərf olunan xərclər,məhsulun daşınması ilə əlaqədar olan nəqliyyat xərcləri, müəssisənin marketinq xidməti ilə əlaqədar xərclər,reklama xərcləri və s.

Əmək haqqı - zəhmətkeşlərin maddi və mənəvi tələbatının ödənilməsinin əsas mənbəyi olub özündə pul və natural formada hesablanmış bütün növdən olan qazancları əks edirir.

Əsas əmək haqqı - dedikdə işlənmiş vaxta, yerinə yetirilmiş işin miqdarına və həcminə görə hesablanmış əmək haqqı və onlara edilmiş əlavələr, mükafatlar və s. ödəmələr nəzərdə tutulur.

Əlavə əmək haqqı - fəhlə və qulluqçulara əmək qanunvericiliyi və müqavilələr üzrə işlənliməmiş vaxta görə hesablanan ödəmələr (məzuniyyətin ödənilməsi, dövlət və ictimai işlərin yerinə yetirilməsinə görə ödəmə, uşaqəmizdirən analara verilən fasilələrin ödənilməsi, yeniyetmələrin güzəştli satları və s.) başa düşülür.

Vaxtamuzd əmək ödənişi - o istehsal sahələrində tətbiq olunur ki, orada buraxılan məhsulun və ya yerinə yetirilən işin həcmini müəyyən etmək mümkün deyil.

Əmək haqqının akkord ödənişi - sistemində əmək haqqının həcmi hər bir məhsul istehsalı üzrə deyil, görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəsisələrində, auditor xidmətinin təşkilində və sairə məhsul istehsalı nəticəsi ilə əlaqədar olaraq tətbiq olunur.

Təhtəlhesab şəxs - müəssisədə inzibati təsərrüfat, əməliyyat, ezamiyyə xərclərini həyata keçirən işçilərdir.

Müxtəlif debitor borcu - başqa müəssisələrin, işçilərin və fiziki şəxslərin müəssisəyə olan borclarıdır. Belə borclara mal əməliyyatları ilə əlaqədar olmayan borclar daxildir. Müəssisəyə borcu olan digər müəssisə, idarə və şəxslər debitorlar sayılır.

Müxtəlif kreditor borcu - müəssisənin başqa müəssisəyə, fiziki şəxsə, işçilərinə olan borcu hesab olunur və həmin borcu olan müəssisə kreditor sayılır.

Qısamüddətli bank krediti - passiv ssuda hesabı olaraq bir ildən artıq olmayan müddətdə müəssisənin ölkə və xarici valyutalarla aldığı müxtəlif kreditlərin vəziyyəti haqqında nəzərdə tutulmuşdur.

Uzunmüddətli bank krediti - passiv ssuda hesabı olmaqla müvafiq olaraq bir ildən artıq müddətdə bağlanmış kreditlərin vəziyyətini əks etdirir.

Maliyyə hesabatı - təşkilatın maliyyə vəziyyəti və fəaliyyətinin maliyyə nəticələri haqqında məlumatların strukturlaşdırılmış təqdimatıdır.

Mühasibat (maliyyə) hesabatı - müəssisənin kredit qabiliyyətli olmasını, başqa sözlə onun götürdüyü öhdəliklər üzrə tam və vaxtlı-vaxtında hesablaşma aparmaq imkanı olmasını müəyyən etməyə şərait yaradır.

Maliyyə hesabatının elementləri - aktivlər, xərclər, öhdəliklər, gəlirlər, kapital.

Aktivlər - keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən ehtiyatdır.

Xərclər - mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan lakin kapitalın azalması ilə nəticələnən hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır.

Öhdəliklər - mühasibat uçotu subyektinin kеçmiş hadisələrdən, o cümlədən bağlanılmış müqavilələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatların həmin subyektdən kənara axını ilə nəticələnən mövcud borcudur.

Gəlirlər - mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması daxil olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır.

Kapital - bütün öhdəliklər çıxıldıqdan sonra müəssisənin xalis aktivlərinin dəyəridir.

Nizamnamə kapitalı - müəssisənin təsis sənədlərinə uyğun olaraq təsisçilər tərəfindən müəssisənin təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan pay qoyuluşların həcmini əks etdirir.

İnventarlaşma - əmlak və öhdəliklərin həqiqi mövcudluğunun mühasibat uçotu məlumatları ilə uyğun olmasını təyin edən əsas vasitə hesab edilir.


Hesabların müxabirələşməsi - mühasibat əməliyyatları zamanı hesablar arasındakı qarşılıqlı əlaqədir.

Ehtiyat - gələcəkdə fövqəladə halda istifadə olunacaq şeydir. Bir çox gənc sahibkarların uğuru və ya iflası onların maliyyə böhranından çıxmaq bacarığıdır.

Debitorların hesabları (vəsaitlərin alınması üçün hesablar) - bu kəmiyyət bir qayda olaraq ilin yekunları üzrə hesablanır və pul vəsaitlərinin alınması üzrə ödənməyən hesabların - debitor borclarının məbləğini müəyyən edir. Adətən, debitor hesabları alınması mümkün olmayan məbləğdə azalırlar. Bunlar ümidsiz olan borclardır.

Mal-material ehtiyatları - bir ay müddətində məhsul istehsalı və ya xidmət üzrə sifarişin icrası üçün mövcud olan xammal və material ehtiyatlarının həcmi göstərilir.

Əsas kapitalın balans (qalıq) qiyməti - amortizasiya nəzərə alınmaqla və balans hesabatının tərtibi üçün yenidən qiymətləndirmə əsasında hesablanır.

Digər aktivlər - biznesin digər növlərinə (material aktivlər) və alınmış patentlərə (qeyri-material aktivlər) investisiyaların məbləğindən ibarətdir.

Qısamüddətli və uzunmüddətli borc - bank və investorlardan alınmış qısamüddətli və uzunmüddətli kreditin məbləğini göstərir. Hər bir borcun məbləği göstərilir: kredit üzrə faizin stavkasının miqdarı; kreditlərin alınma tarixi; hər bir borcun təminatı.

Ödənməmiş kredit üzrə faiz stavkası - faizlərin ödənməsi üzrə xərcləri müəyyən edəcək, hansı ki, mənfəətlər və məsrəflər haqqındakı hesabatda və nağd pul planında göstərilməlidir.

Pul vəsaitləri - nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

Pul vəsaitlərinin ekvivalentləri - qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və bu aktivlər üzrə dəyərin dəyişməsi riskinə cüzi məruz qalan yüksək likvidli qoyuluşlardır.

Pul vəsaitlərinin hərəkəti - pul vəsaitlərinin və onların ekvivalentlərinin daxilolması və (və ya) xaricolmasıdır.

Əməliyyat fəaliyyəti müəssisənin əsas gəlir gətirən, habelə, investisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə fəaliyyətdən başqa digər fəaliyyətidir.

Şübhəli borclar - müəssisənin müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməyən və müvafiq təminatı olmayan debitor borcları hesab olunur.

Avans hesabatı - təhtəl şəxs tərəfindən tərtib və təqdim edilmiş nümunəvi sənəd formasıdır.

Avizo - qarşılıqlı hesablaşmanın yaxud başqa formada olan hesablaşmanın vəziyyətinin dəyişməsi haqda bir təşkilatın üçüncü şəxsə rəsmi bildirişidir. Avizo poçt yaxud teleqraflı formada olur.

Akkreditiv - alıcının xahişi və göstərişi ilə malsatanın ödənişinin bank tərəfindən aparılan öhdəçiliyidir.

Mühasibat balansının aktivi - əmlakın tərkib və yerləşməsinə görə pul ifadəsində yerləşməsini mühasibat balansında əks etdirilən hissəsidir.
Aksept - pul və mal sənədlərinin ödənişə razılığıdır.

Aksiz malın malalan tərəfindən ödənilən qiymətinə daxil edilən vasitəli vergidir.

Bank ssudası- kreditləşmə qaydasında bank tərəfindən təşkilata təqdim olunan pul vəsaitinin məbləği.

Broker - mal, qiymətli kağız, valyutalar (şəxs, firma, təşkilat) üzrə satıcı və alıcılar arasında vasitəçidir.

Brutto- malın qablaşma ilə birlikdə çəkisi.

Mühasibat sənədləri- təsərrüfat əməliyyatlarının aparılmasına və onların həyata keçirilməsinə hüquq verən yazılı şəhadətnamədir.

Mühasibin informasiyası - idarəetmə qərarı qəbul etmək üçün təşkilatın təsərrüfat fəaliyyəti haqda vaxtlıvaxtında və keyfiyyətli verilmiş məlumatdır.

Mühasibat yazılışı - eyni məbləğin bir hesabın debetinə digərinin isə kreditinə yazılışın aparılmasına verilən göstərişdir.

Mühasibat uçotu - bütün təsərrüfat əməliyyatlarının fasiləsiz və sənədlə əks etdirilməsini formalaşdıran təşkilatın əmlakı, öhdəlikləri, gəlir və xərcləri, onların dəyişməsi haqda informasiyaları dəyər ifadəsilə yığan, qeydiyyata alan, ümumləşdirən və qaydaya salan tətbiqi sistemdir.

Mühasibat uçotunun hesablar planı mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmusudur.

Valyuta - ölkənin (milli valyutanın) yaxud xarici dövlətin (xarici valyutanın) pul sisteminə əsaslanan pul sistemidir.

Mühasibat balansının valyutası - hesabat dövrü üçün pul ifadəsində tərtib olunan balansın aktiv və passivinin yekunudur.

Təşkilatın bankdakı hesabından çıxarış - bankın hesablaşma (cari) hesablarında olan pul vəsaitinin hərəkətini əks etdirən və onun təşkilata verilməsinni təsdiq edən sənəddir.

Dövlət büdcəsi - dövlətin müəyyən dövr üçün gəlir və xərclərinin tərkibidir.

İkili yazılış - hər bir təsərrüfat əməliyyatının mühasibat uçotunun hesablarında iki dəfə: eyni məbləğdə bir hesabın debetində, ikinci qarşılıqlı əlaqəli hesabın kreditində yazılması.

Debet - mühasibat uçotu hesabının bir hissəsi (sol hissəsi) olub, aktiv hesablar üçün artmanı, passiv hesablar üçün isə azalmanı göstərir.

Debitorlar - təşkilata borcu olan fiziki və hüquqi şəxslər.

Debitor borcları - buraxılmış mallara və xidmətlərə, məhsullara verilmiş avanslara, təhtəl məbləğlərə və s. görə təşkilata olan borc məbləğidir.

Deponent - təşkilatda müvəqqəti saxlanılan pul vəsaitləri və vaxtı çatdıqca sahibinə qaytarılan fiziki yaxud hüquqi şəxslər.

Əlavə kapital - dövriyyədən kənar aktivlərdə dəyərin artması (yenidən qiymətləndirmə, nominal dəyərdən artıq olan qiymətə satılan sıhm hesabına əldə edilən emisiya gəliri) hesabına yaradılan kapital.

Vəkalətnamə - təşkilatın yaxud digər şəxsin nümayəndəsinin hər hansı bağlaşmanı (sazişi) həyata keçirməyə hüquq verən sənəd.

Sənəd dövriyyəsi - sənədin tərtib edildiyi dövrdən arxivə verilən dövrə qədər keçdiyi yoldur.

Əlavə yazılış - hər hansı bir məbləğin uçot registrində tələb olunduğundan az yazılması hallarında tətbiq edilən üsuldur.

Təşkilatın gəliri - aktivlərin (pul vəsaitinin və digər aktivlərin) daxil olması və iştirakçıların (sahibkarların) qoyuluşları istisna edilməklə kapitalın artırılmasına səbəb olan öhdəliklərin ödənilməsi nəticəsində təşkilatın iqtisadi qazancının artımı.

Balansarxası mühasibat hesabları - qalığı balansa daxil edilməyən və onun valyutasından kənarda, yəni balansdan kənar göstərilən hesablar.

Əmlakın formalaşmasının borc mənbəələri - müəyyən müddət ərzində təşkilata məxsus olmayan, təyin olunmuş müddət başa çatdıqdan sonra faizli yaxud faizsiz öz sahibinə qaytarılan əmlaklar.

Əsas vəsaitlərin köhnəlməsi - əsas vəsaitlərin öz istehlak görünüşünü və dəyərini itirməsi.

İnventar - təsərrüfat və istehsal təyinatlı əşyaların məcmusu.

Kalkulyasiya - məhsul (iş, xidmət) istehsalı ilə bağlı məsrəflərə təsdiq edilən qaydada ardıcıllıqla daxil edilən ayrı-ayrı məhsul növlərinin maya dəyərinin müəyyən edilmə üsuludur.

Kapital - təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan xüsusi və cəlb edilmiş kapitalın məcmusu.

Cəlb edilmiş kapital - kreditlər, borclar və kreditor borcları, yəni fiziki və hüquqi şəxslər qarşısında götürülmüş öhdəliklərdir.

Xüsusi kapital - cəlb edilmiş kapital çıxılmaqla məcmusu nizamnamə, əlavə və ehtiyat kapitalından, bölüşdürülməmiş mənfəətdən və digər ehtiyatlardan (məqsədli fondlardan və ehtiyatlardan) ibarət olan kapital.

Kontrakt (əks) mühasibat hesabları - əsas hesablarda uçota alınan əmlakın qalığını azaldan nizamlayıcı hesablar.

Korrektura üsulu - uçot yazılışlarında aparılan səhv yazılışın üzərindən nazik xətt çəkib düzgün yazılış aparmaqla səhfin düzəldilməsi qaydası.

Hesabların müxabirləşməsi - ikili yazılış metodunu tətbiq etməklə hesablar arasında yaranan qarşılıqlı əlaqədir

Kredit - mühasibat uçotu hesabının bir hissəsi (sağ hissəsi) olub passiv hesablar üçün artmanı aktiv hesablar üçün isə azalmanı göstərir.

Kreditorlar - təşkilatın hüquqi və fiziki şəxslərə olan borcu.

Kreditor borcları - təşkilatın digər hüquqi və fiziki şəxslərə olan borc məbləği.

Məzənnə fərqi - ölkənin valyutasının xarici valyutaya nisbətən məzənnəsinin cari dəyişməsi nəticəsində malların dəyərində əmələ gələn fərq.

Kassa limiti - təşkilatın bankla razılaşmasına əsasən kassada saxlanılan pul məbləği.

Əlavə dəyər vergisi (ƏDV) - hər bir istehsal və məhsul satışı mərhələsinə əlavə edilən əsas bazası mal və xidmətlərin dəyəri olan vasitəli (dolayı) vergi.

Peniya- təyin edilmiş ödəniş müddətinin pozulmasına görə hər bir vaxtı keçmiş gün üçün ödəniləsi məbləğdən faizlə tutulan pul məbləği.

Əmək əşyaları - əmək alətlərinin köməyi ilə insan əməyinin maddi istehsalın ehtiyacına yönəldilən xammal, material, yanacaq, alınmış yarımfabrikat və məmulatlar.

Mənfəət - təşkilatın təsərrüfat fəaliyyətinin maliyyə nəticəsini yəni il ərzində gəlirin, xərclərdən, itgilərdən, və ziyandan artıq hissəsini ifadə edən iqtisadi kateqoriyadır.

Balans mənfəəti - məhsul (iş və xidmət), əsas vəsait və digər əmlakların satışından həmçinin qeyri satış əməliyyatları ilə bağlı xərclər çıxılmaqla onlardan əldə edilən gəlirdən olan mənfəət məbləğidir.

Yaşayış minimumu - sərf edilmiş işçi qüvvəsinin bərpa edilməsi üçün insan və onun ailə üzvünün həyat səviyyəsinin yüksəlməsində zəruri olan minimum vasitədir.

Hesablaşma hesabı - təşkilatın sərbəst pul vəsaitini saxlamaq və cari nəğd və nəqdsiz formada hesablaşmasını aparmaq üçün bankda açdığı hesab.

Mürəkkəb mühasibat yazılışı - təsərrüfat əməliyyatlarının bir hesabın debetində, bir neçə hesabın kreditində yaxud bir neçə hesabın debetində, ancaq bir hesabın kreditində yazılışını ifadə edən mühasibat yazıllışı.

Əmlakın xüsusi mənbəyi - pul ifadəsində təşkilatın maddi bazası hesab edilir. Bu kapitalları, amortizasiya fondunu, ehtiyat, mənfəət, büdcə maliyyələşməsi və bağışlama yolu ilə alınmış vəsaitləri özündə əks etdirir.

Qırmızı storno üsulu - mühasibat uçotu hesablarının səhv müxabirləşməsinin, yaxud tələb olunduğundan çox məbləğ dairəsində aparılan yazılışın düzəldilməsi üçün istifadə olunan əks yazılış.

Əsas vəsaitlərin cari (bərpa) dəyəri - hər hansı obyektin dəyişdirilməsi zəruri olan hallarda mövcud hal hazırki, dövrdə ödənilə bilən pul vəsaiti məbləği. Bu dəyər əsas vəsait obyektlərinin yenidən qiymətləndirilməsi zamanı istifadə olunur.

Əsas vəsaitlərin cari bazar dəyəri (satış dəyəri) - obyektlərin satışı nəticəsində alına bilən yaxud onun ləğv edilmə vaxtı çatan zaman formalaşan pul vəsaiti məbləği.

Nizamnamə kapitalı - təşkilatın yaradılması zamanı təsisçinin onun fəaliyyəti üçün qoyduğu payın pul ifadəsilə məcmududur.

Təşkilatın uçot siyasəti - mühasibat uçotunun aparılması üsulunun (ilkin müşahidə, dəyər ölçüsü, cari qruplaşma və təsərrüfat fəaliyyəti hallarının ümumiləşdirilmiş yekunu) məcmuudur.

Uçot registri - uçot yazıllışları üçün nəzərdə tutulan kartlar, cədvəllər, mühasibat kitablarıdır.

Təsisedici sənəd - nizamnamə və təsis müqaviləsi. Hüquqi şəxslərin təsis müqaviləsi təsisçilər arasında bağlanılır, nizamnamə isə onlar (təsisçilər) tərəfindən təsdiq edilir.

Çek - bankdakı hesabdan nəğd pulun verilməsi və nağdısız hesablaşma zamanı buraxılmış əmtəə, xidmətlər üçün yazılan xüsusi sənəddir.

Xalis mənfəət (xalis zərər) - adi fəaliyyət növündən alınan maliyyə nəticəsi eləcədə sair gəlir və xərclərin məcmusudur.

Uçot qaydaları - bu Qanuna əsasən maliyyə hesabatlarını Milli Mühasibat Uçotu Standartlarına müvafiq hazırlamalı olan mühasibat uçotu subyektləri üçün ilkin sənədlərin və uçot registrlərinin formasını müəyyənləşdirən qaydalardır.

Uçot siyasəti - maliyyə hesabatlarının tərtib və təqdim edilməsi üçün təşkilat tərəfindən qəbul edilmiş onun iş xüsusiyyətlərinə uyğun olan prinsiplərin, əsasların, şərtlərin, qaydaların və təcrübələrin məcmusudur;

Likvidlik - təşkilatın aktivinin nominal dəyərinin dəyişilməz saxlanılmaqla, onların qısa müddət ərzində nağd pul vəsaitlərinə çevrilməsi yolu ilə yaranmış öhdəliklərinin yerinə yetirilməsi qabiliyyətidir.

Maliyyə hesabatlarının beynəlxalq standartları - Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən işlənib hazırlanmış, qəbul və ya təsdiq olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Şərhlər üzrə Daimi Komitəsinin şərhləri, habelə Maliyyə Hesabatları Şərhi üzrə Beynəlxalq Komitənin müvafiq şərhləridir.

Kassa əməliyyatları - təşkilatlarda nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusudur.

Kassa sənədləri - təşkilatlarda kassa əməliyyatlarının aparılması üçün istifadə olunan ilkin uçot sənədləridir.

İnkassasiya - təşkilatlarda nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınmasıdır.