Dəyərli oxuyucular, bu dəfə Eyvaz Qocayevin "Karyera Bələdçisi" kitabından bu hissəni sizlərlə paylaşmaq istədik. Oxumağınızda fayda var.
Temperament tipləri və peşə uyğunluğu
İnsanın hansı peşəyə uyğunluğunu müəyyənləşdirmək üçün öz təbiətini, xarakterini və ümumi psixoloji xüsusiyyətlərini bilməsi vacibdir. Psixoloji baxımdan insanı daha dərindən tanımaq üçün onun hansı temperament tipinə aid olduğunu müəyyənləşdirmək vacib hesab olunur.
Temperament dörd tipə bölünür:
1. Sanqvinik
2. Xolerik
3. Melanxolik
4. Fleqmatik
Hər bir tipin müsbət və mənfi, zəif və güclü tərəfləri mövcuddur.
I. Sanqviniklərin xarakterik xüsusiyyətləri - Sanqviniklər sürətli və emosional davranışları ilə diqqət çəkirlər. Bu tip insanlar bir yerdə uzun müddət tab gətirə bilmir və davamlı olaraq hərəkətdə olurlar. Onlar:
- Çətin və əziyyət tələb edən işi sevməzlər;
- İşdə uğur qazanacaqlarına inanırlar;
- Çətin situasiyalarda asanlıqla kənara çəkilməyi bacarırlar;
- Hər zaman yaxşı görünüşə sahib olurlar;
- Enerjili və istəklidirlər;
- Hər zaman ən çətin iş gördükdə belə, əylənirmiş kimi görünürlər;
- Ətrafdakı insanları işə təşviq edirlər;
- Müxtəlif birliklərin rəhbəri olurlar;
- İş zamanı insanlara motivasiya verər və həvəsləndirərlər;
- Yardımsevər və üzdə olmaq istəyi olduğu üçün sanqviniklər asanlıqla hər hansı bir işdə könüllü olaraq çalışır, nə iş təklif etsəniz, etmək istəyərlər.
Sanqviniklərin uyğun gəldiyi karyera sahələri:
- Müəllim
- Satış üzrə mütəxəssis
- İctimai Əlaqələr
- İnsan Resursları
- Marketinq - reklam
- Jurnalist
- Psixoloq
- Vəkil
II. Melanxoliklərin xarakterik xüsusiyyətləri - Sanqviniklərdən fərqli olaraq Melanxoliklər sakit, utancaq, yeni mühitə gec adaptasiya olunan, alçaq səslə danışan və ünsiyyət zamanı çətinlik çəkən olurlar. Sanqviniklər danışır, Xoleriklər edir, Fleqmatiklər müşahidə edir, Melanxoliklər isə düşünür, planlar hazırlayır. Onlar:
- Xüsusilə yazar, rəssam, musiqiçi olurlar;
- Anadangəlmə zəkalı olurlar;
- Yaradıcı xüsusiyyətə malik olurlar;
- Nizamlı və sistemli düşündükləri üçün iş zamanı ən xırda detallara belə fikir verirlər;
- Problemi görür, analiz edir və uyğun həll tapırlar;
- Tənbəl olsalar da, bir işi görmək lazımdırsa onu yaxşı etməyi düşünürlər;
- Proqramlı və detallara fikir verəndirlər;
- Başladıqları işi sona çatdırırlar;
- Yüksək standartlı və maksimalistdirlər;
- Qrafiklər, siyahılar, çertyojlar və planlar həyatlarının öpnəmli bir hissəsidir;
- Nizamlı bir mühitdə çalışmağı sevərlər.
Uyğun peşə adamları:
- Menecerlər
- Qeyri-adi liderlər
- Rəhbərlər
- Biznesin idarə edilməsi üzrə çalışanlar/Analitiklər
- Dizaynerlər
- Zabitlər
- Sahibkarlar
- Yazıçılar
- Tədqiqatçılar
- Sənətçilər
- Fotoqraflar
- Memarlar
- Filosoflar
- Şairlər
- Ədəbiyyatçılar
- Maliyyə və ya bank sahəsində çalışanlar
- İqtisadçılar
III. Fleqmatiklərin xarakterik xüsusiyyətləri - Fleqmatiklər sakit və səbirli davranışları ilə seçilirlər. Ünsiyyətdən qaçır və çox təmkinli xarakterə malik olurlar. İş mühitində də nizamlı və təmkinli hərəkət edirlər. Onlar:
- Qayda-qanunlara, tələblərə ciddi şəkildə əməl edirlər;
- Nizamlı və qabiliyyətli olurlar;
- Gərəksiz işlərə vaxt sərf etmirlər;
- Sülhsevər olurlar;
- Güclü idarəçilik qabiliyyətinə sahib olmaları məhz insanlarla münasibətdə qayğıkeş və hər kəsə eyni münasibət bəsləmələri ilə bağlıdır;
- Səbirli olaraq başladıqları hər bir işi sona çatdırarlar;
- Problemləri hərtərəfli düşünmə bacarığına malik olurlar;
- Problemsiz insanlardır və özlərinə düşmən qazanmazlar;
- Çətin şərtlər altında işləyə bilirlər;
- İnsanları təhsilinə, biliyinə və işə olan münasibətinə görə dəyərləndirirlər;
- Başqasının işinə müdaxilə etməzlər.
Uyğun peşə adamları:
- Mühasib
- Kitabxanaçı
- Web-dizayner
- İnformasiya texnologiyaları üzrə mütəxəssis
- Laboratoriya texnikləri
- Əczaçılar
- Müəllimlər
- Hərbçi, polis
- Hüquqşünaslar
IV. Xoleriklərin xarakterik xüsusiyyətləri - Sanqviniklər kimi Xoleriklər də bir yerdə dura bilmirlər, səbirsiz və çox danışandırlar. Lakin Sanqviniklərdən fərqli olaraq Xoleriklərin maraq dairəsi dəyişməz, uzunmüddətli olar və başladıqları işi yekunlaşdırarlar. Onlar:
- Qarşısına qoyduğu hədəfə çatırlar;
- İmkansız görünən şeyi xəyal edir və qarşılarına çətin hədəflər qoyurlar;
- Təkcə hədəflərinə çatmağı deyil, eyni zamanda qarşıya çıxan problemlərlə mübarizə apararaq uğur əldə etməyi hədəfləyərlər;
- Təşəbbüskardırlar;
- Təşkilatçıdırlar;
- Liderlik xüsusiyyətləri asanlıqla müdir, rəhbər kimi görünmələrinə səbəb olar;
- Lazım bilmədikləri mövzuda danışmazlar;
- Çətin vəziyyətlər doğru, adekvat qərarlar verə bilirlər;
- Səhvlərə qarşı dözümsüz olarlar;
- Hər kəsdən daha çox iş görə bilirlər;
- Qarşıya qoyulmuş planları daha tez həyata keçirirlər;
- Siyasi liderlərin əksəriyyəti Xolerik olurlar;
- Hədəfi bəlli olmayan işlərə qoşulmazlar.
Uyğun peşə adamları:
- İdarəetmə sahəsində çalışanlar
- Supervayzer
- Effektivlik ekspertləri
- Strateji analitiklər
- Biznes Menecerləri
- Siyasətçilər
Temperamentinizin zəif cəhətlərinə diqqət yetirib heç də həvəsdən düşmək lazım deyil. Araşdırmalar göstərir ki, əsas məsələ heç də temperament xüsusiyyətinin müsbət və ya mənfi olmasında deyil, həmin şəxsin onları iş prosesində nə qədər düzgün nəzərə almasındadır.