Bu və ya digər vergi növü üzrə vergi öhdəliyi olan vergi ödəyiciləri qanunvericilikdə göstərilən müddətdən gec olmayaraq uçotda olduqları vergi orqanına bəyannamə təqdim etməlidirlər. Bəyannamənin təqdimetmə (habelə verginin ödənilmə) müddətinin sonuncu günü qeyri-iş gününə düşdüyü halda bəyannamə ən geci növbəti iş günü təqdim edilməlidir.

 

Mövcud qanunvericiliyə əsasən müxtəlif vergi növləri üzrə vergi bəyannamələrini təqdim etməli olan şəxslər aşağıdakı kimi müəyyənləşdirilmişdir.

 

1. Gəlir vergisi üzrə: Gəlir vergisi üzrə hesabat dövrü təqvim ilidir. Azərbaycan mənbəyindən gəlir əldə edən və ödəmə mənbəyində vergiyə cəlb olunmayan rezident və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən Azərbaycan Respublikasının rezident fiziki şəxsləri hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verirlər. Həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər hesabat ilində Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən aparılan cari ödəmələr nəzərə alınmaqla) fiziki şəxslər gəlir vergisini dövlət büdcəsinə ödəyirlər.

 

Gəlir vergisinin ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya fəaliyyətinə xitam verdikdə, vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edən gəlir vergisi bəyannaməsini 30 gün müddətində vergi orqanına verməlidir. Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər.

 

1.1. Xüsusi notarius kimi fəaliyyət göstərən fiziki şəxslər isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınaraq gəlir vergisinin ödəyicisi sayılmaqla gəlir vergisinə cəlb olunurlar. Belə ki, həmin şəxslər tərəfindən ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hə- rəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə aldıqları haqlardan Vergi Məcəlləsinin 101.4-cü maddəsinə əsasən xərclər çıxılmadan 10 faiz dərəcə ilə gəlir vergisi hesablanır, hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq "Xüsusi notariusların gəlir vergisi bəyannaməsi" qeydiyyatda olduqları vergi orqanına təqdim edilir. Xüsusi notariusların notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərdikləri xidmətlərdən isə ƏDV tutulmur.

 

1.2. İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək "İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına verməyə borcludurlar. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək müvafiq bəyannaməni vergi orqanına təqdim etməyə borcludurlar.

 

2. Mənfəət vergisi üzrə: Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Rezident müəssisələr, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi və vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verirlər. Vergi ödəyiciləri həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (hesabat ilində Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən aparılan cari ödəmələr nəzərə alınmaqla) mənfəət vergisini dövlət büdcəsinə ödəyirlər. Bələdiyyə mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir və müvafiq bəyannaməni həmin orqana təqdim edirlər. Vergi ödəyicisi olan hüquqi şəxs fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edən mənfəət vergisinin bəyannaməsini verməlidir.

 

3. Əlavə dəyər vergisi üzrə: ƏDV üzrə hesabat dövrü təqvim ayıdır. ƏDV-nin ödəyicisi olan şəxslər, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində xidmət göstərilməsi və ya iş görülməsinə görə ona ödəmələr verən ƏDV-nin ödəyicisi olan və ya olmayan şəxslər (vergi agentləri) ƏDV-nin bəyannaməsini hər hesabat ayı üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməlidirlər. ƏDV ödəyicisi olmayan şəxslər hesablanan ƏDV-ni qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində, ƏDV ödəyiciləri olan şəxslər isə hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısıvergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən ƏDV bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.

 

4. Aksizlər üzrə: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edən müəssisələr və fiziki şəxslər hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına bəyannamə verilməlidir. Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur. Vergi ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən aksiz bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.

 

5. Əmlak vergisi üzrə: Əmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir. Əmlak vergisi üzrə vergitutma obyektləri olan müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr (yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri üzrə) əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verirlər. Vergi ödəyiciləri həmin vaxtadək illik əmlak vergisi üzrə son hesablama aparmaqla (Vergi Məcəlləsinin 201-ci maddəsinə əsasən aparılan cari ödəmələr nəzərə alınmaqla) əmlak vergisini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir əmlak vergisinin bəyannaməsini verməlidir. Fiziki şəxslər əmlak vergisi üzrə bəyannamə təqdim etmirlər. Bələdiyyələr əmlak verginin ödənilməsi barədə tədiyyə bildirişini fiziki şəxsə cari ilin avqustun 1-dən gec olmayaraq verməli, fiziki şəxslər cari il üçün illik əmlak vergisinin məbləğini bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək yerli (bələdiyyə) büdcəyə ödəmələrdirlər. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi qeyd olunan ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

 

6. Torpaq vergisi üzrə: Torpaq vergisi üzrə hesabat dövrü təqvim ilidir. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və istifadəsində torpaq sahəsi olan müəssisələr torpaq sahəsinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən torpaq vergisini illik olaraq hesablayır və may ayının 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Fiziki şəxslər torpaq vergisi üzrə bəyannamə təqdim etmirlər - fiziki şəxslərə torpaq vergisi bələdiyyələr tərəfindən cari il üçün hər il iyulun 1-dək hesablanır, tədiyyə bildirişləri isə avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Cari il üçün hesablanmış illik torpaq vergisinin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dən və noyabrın 15-dən gec olmayaraq ödənilməlidir. Hüquqi şəxslər torpaq vergisini dövlət büdcəsinə ödəyirlər. Fiziki şəxslər təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqlarına (irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan hallar istisna olmaqla) görə torpaq vergisini dövlət büdcəsinə, digər torpaqlara görə isə vergini isə yerli (bələdiyyə) büdcəyə ödəyirlər. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi yuxarıda qeyd olunmuş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

 

7. Yol vergisi üzrə: Yol vergisi üzrə hesabat dövrü təqvim ayıdır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və Vergi Məcəlləsinin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

 

8. Mədən vergisi üzrə: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır. Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq mədən vergisini ödəyir və həmin müddətdə də bəyannamə verirlər.


Vergi Məcəlləsinin 217.5-ci maddəsində göstərilən yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir.

 

9. Sadələşdirilmiş vergisi üzrə: Sadələşdirilmiş vergisi üzrə hesabat dövrü rübdür. Sahibkarlıq fəaliyyəti çərçivəsində malların (işlərin, xidmətlərin), habelə əmlakın təqdim olunması ilə məşğul olan və vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər (Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddət ərzində vergini dövlət büdcəsinə ödəyirlər.


Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarını həyata keçirən sadələşdirilmiş vergi ödəyiciləri qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək növbəti ay (aylar) üçün ciddi hesab blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. "Fərqlənmə nişanı" vergi ödəyicisinin Nəqliyyat Nazirliyinə, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyinə yazılı formada müraciətinə əsasən iki iş günündən gec olmayaraq verilir. "Fərqlənmə nişanı" almaq üçün müraciət edən vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır. Bu fəaliyyətlə məşğul olan şəxslər tərəfindən hesablanmış vergi tam məbləğdə dövlət büdcəsinə ödənildikdən sonra onlara "Fərqlənmə nişanı" verilir və ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərmədiyindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.


Fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, Vergi Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə, çəkməçi, pinəçi fəaliyyəti ilə, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri fəaliyyəti ilə, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji fəaliyyətlə, nəqqaşlıq emalatxanalarının fəaliyyəti) hər bir fəaliyyət üzrə fəaliyyəti həyata keçirməyə başlayanadək, digər hallarda isə öz istəklərinə uyğun olaraq növbəti ay (aylar) üçün hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra qeydiyyata olduğu vergi orqanından və ya vergi ödəyicilərinə xidmət mərkəzlərindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdır və həmin fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.


Bu qəbzə görə ödənilmiş vergi qəbzin qüvvədə olduğu müddətdə fiziki şəxsin fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin vergiləri ilə əvəzləşdirilmir. Qəbz vergi ödəyicisi yazılı müraciət etdikdə, 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.


Bina tikintisi fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergitutma metodunu seçmiş şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər. Bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış sadələşdirilmiş vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirlər.


Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi. Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq "Torpaq, yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsi"ni vergi orqanına verməyə borcludurlar.


İdman mərc oyunlarını həyata keçirən idman mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyekti təşkil edir. İdman mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır, hesabat rübdən sonrakı ayın 20-dən gec olmayaraq "Sadələşdirilmiş verginin bəyannamə"si ilə vergi orqanına bəyan edilməklə dövlət büdcəsinə ödənilir.


Hüquqi şəxslərə və fərdi sahibkarların bank hesablarındakı "Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi". Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergini vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək "Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannamə" vergi orqanına təqdim edilir.

 

10. Ödəmə mənbəyində, o cümlədən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə: ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü vergi ili, bütün digər hallarda isə ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü rübdür. Muzdla işləyən fiziki şəxslərə ödəmələr edən, habelə Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanan və vaxtından əvvəl xitam verilən sığorta müqaviləsi üzrə fiziki şəxslərə sığorta haqları ödəyən vergi ödəyiciləri həmin şəxslərin aylıq gəlirinə hesablanmış gəlir vergisini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. Vergi Məcəlləsinin 150-ci maddəsində nəzərdə tutulan, ödəmə mənbəyində vergiyə cəlb olunan digər ödəmələri (qeyri-dövlət pensiyalarını, dividendləri, faizləri, icarə haqqlarını, royaltiləri, daimi nümayəndəliyi olmayan qeyri-rezidentə ödənilən xidmət haqlarını, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətinin baş ofisə köçürdüyü vəsaitləri, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişləri, rezidentlər tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba köçürülən pul vəsaitləri, VÖEN təqdim etməyən fiziki şəxslərin xidmət haqlarını) ödəyən vergi ödəyiciləri vergini tutaraq gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməlidir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

 

11. İxracat vergisi üzrə: Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə yığım barədə hesabat üzrə hesabat dövrü təqvim ayıdır. Bu qiymət fərqi üzrə yığımlar hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına müvafiq hesabat təqdim edilməlidir.

 

12. Dövlət rüsumu üzrə: Dövlət rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edildikdə iki bank günü ərzində, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. Dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatı vergi orqanına təqdim etməlidirlər.

Vergi növləri üzrə öhdəliklər, verginin ödənilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri

 

1. Fiziki şəxslərin gəlir vergisi

1. Fiziki şəxslərin gəlir vergisi

Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III).

Cari ödəmələr

Hər rüb başa çatdıqdan sonra 15 gün ərzində (15/IV, 15/VII, 15/X və 15/I).

Xüsusi notariusların gəlir vergisi

Hesablanmış gəlir vergisi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII) bəyannamə isə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq (20/IV, 20/VII, 20/X və 20/I).

İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarış və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi

Hesablanmış gəlir vergisi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII) İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarış və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII).


2. Mənfəət vergisi

İl üzrə yekun ödəmə və bəyannamənin təqdim edilməsi

Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III).

Cari ödəmələr

Hər rüb başa çatdıqdan sonra 15 gün ərzində (15/IV, 15/VII, 15/X və 15/I).


3. Əlavə dəyər vergisi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

Hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII).


4. Aksiz vergisi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

Hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII).


5. Əmlak vergisi

Hüquqi şəxslər üçün il üzrə yekun ödəmə və bəyannamənin təqdim edilməsi

Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III).

Cari ödəmələr

Rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq (15/II, 15/V, 15/VIII və 15/XI).

Fiziki şəxslər üçün il üzrə yekun ödəmələr

Cari il üçün bərabər hissələrlə həmin ilin avqustun 15-dək və noyabrın 15-dək (15/VIII və 15/XI).


6. Torpaq vergisi

Hüquqi şəxslər üçün bəyannamələrin təqdim olunması

Həmin ilin may ayının 15-dən gec olmayaraq (15/V).

Hüquqi və fiziki şəxslər üçün il üzrə yekun ödəmələr

Bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq (15/VIII və 15/XI).


7. Yol vergisi

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən verginin tutulması

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər tərəfindən bəyannamənin verilməsi və verginin ödənilməsi

Hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII).


8. Mədən vergisi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

Hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII).


9. Sadələşdirilmiş vergi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

Hesabat rübündən sonrakı ayın 20-dək (20/IV, 20/VII, 20/X və 20/I).

Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş verginin ödənilməsi bəyannamənin təqdim edilməsi

Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməlidir.

İdman mərc oyunlarının həyata keçirilməsi üzrə sadələşdirilmiş verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

Hesabat rübündən sonrakı ayın 20-dək (20/IV, 20/VII, 20/X və 20/I).

Respublika daxilində avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları üzrə sadələşdirilmiş verginin ödənilməsi

Vergi təqvim ayının sonunadək növbəti dövr (ay, rüb, yarım il, il) üçün hər bir avtomobil nəqliyyatı vasitəsinə görə "Fərqlənmə nişanı" alınarkən dövlət büdcəsinə ödənilir və bu barədə vergi orqanına bəyannamə təqdim edilməsi tələb olunmur.

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi

Vergi təqvim ayının sonunadək növbəti dövr (ay, rüb, yarım il, il) üçün Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan fiziki şəxslər tərəfindən hər bir fəaliyyət üzrə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" alarkən ödənilir və bu barədə vergi orqanına bəyannamə təqdim edilməsi tələb olunmur.

Bina tikintisi fəaliyyəti üzrə bəyannamənin təqdim edilməsi və verginin ödənilməsi

Tikinti-quraşdırma işlərinin başlandığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan olunmuş vergi məbləği bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək.

Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi

Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergi vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək müvafiq bəyannamə vergi orqanına təqdim edilir.


10. Ödəmə mənbəyində tutulan vergilər (Hüquqi şəxslərin və fərdi sahibkarların öhdəlikləri)

Verginin ödənilməsi

Fiziki şəxslərə muzdlu işlə əlaqədar gəlir, habelə sığorta haqları (sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə) ödənilərkən, hesablanmış aylıq gəlirdən gəlir vergisi hesablanır və hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.
Qeyri-dövlət pensiyaları və Vergi Məcəlləsinin 150-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmalı olan digər ödəmələr verilərkən bu gəlirdən vergi tutulur və tutulmuş vergi gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.

Bəyannamənin verilməsi Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı).
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” (bundan sonra Bəyannamə) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “Tibbi sığorta haqqında” Qanunun 15-2.2-ci maddəsinə əsasən icbari tibbi sığorta üzrə sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərəfindən tərtib edilir və vergi orqanına təqdim edilir. Vergi ödəyiciləri uçotda olduqları vergi orqanına bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

11. Dövlət rüsumu

Rüsumun dövlət büdcəsinə köçürülməsi və hesabatın verilməsi

• notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində,
• Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində,
• digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür və hesabat rübündən sonrakı ayın 20-dək (20/IV, 20/VII, 20/X və 20/I tarixlərinədək) hesabat vergi orqanına təqdim edilir.

 

Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilir.

 

Rəsmi mənbə: http://www.taxes.gov.az/modul.php?name=beyanname