AzərLegalGroup
Mülki hüquq Recruitment

Mülki hüquq

   

Mülki hüquq - milli hüququn mühüm bir sahəsi olub, əmtəə-pul və digər əmlak münasibətlərini, habelə bunlarla əlaqədar olan şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Bu münasibətlər mülki-hüquqi tənzimetmənin predmetini təşkil edir.

Mülki hüququn tətbiqi sferası çox genişdir. O, yalnız əmtəə-pul münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının alqı-satqı, əmlak kirayəsi, borc, podrat, habelə komissiya, tapşırıq, saxlama və s. bu kimi müqavilə münasibətlərini nizama salır. Bura, həmçinin, vurulmuş zərərin əvəzinin ödənilməsi, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması, əqli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir.

Müqavilə hüquq münasibətlərini vətəndaşların ən çox müraciət etdiyi müqavilə növləri olan alqı-satqı, əmlak kirayəsi, göndərmə müqaviləsi, renta, bağışlama müqavilələri və digərləri təşkil edir. Müqavilə hüquq münasibətləri mülki hüququn əsasını təşkil edən sahəsi olmaqla tərəflər üçün hüquq və öhdəliklər müəyyən edir.

Müqavilə hüquq münasibətlərinə girən tərəflər sərbəst iradə ifadəsi və bərabərlik prinsiplərinə sahib olmaqla və müqavilə maraqları qorunmaqla mülki dövriyyənin azadlığını təmin edirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

𝐌ü𝐪𝐚𝐯𝐢𝐥ə 𝐧ə𝐝𝐢𝐫?

Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

𝐀𝐥𝐪ı-𝐬𝐚𝐭𝐪ı 𝐦ü𝐪𝐚𝐯𝐢𝐥ə𝐬𝐢

Alqı-satqı müqaviləsi günümüzdə ən geniş yayılmış müqavilə növüdür. Bu özünü beynəlxalq iqtisadi münasibətlərdə və ölkənin xarici ticarət əlaqələrində əhəmiyyətli dərəcədə göstərir. Əminliklə deyə bilərik ki, alqı-satqı müqaviləsini tənzimləyən hüquqi normalar digər bir çox hüquqi əqdlər üçün də ümumi xarakterli qaydalar şəklində tətbiq olunur.

𝐀𝐥𝐪ı-𝐬𝐚𝐭𝐪ı 𝐦ü𝐪𝐚𝐯𝐢𝐥ə𝐬𝐢𝐧𝐢𝐧 𝐞𝐭𝐢𝐛𝐚𝐫𝐬ı𝐳 𝐡𝐞𝐬𝐚𝐛 𝐞𝐝𝐢𝐥𝐦ə𝐬𝐢

Mülki Məcəllə ilə tənzimlənən hallarda istənilən növ əqdlər, o cümlədən alqı-satqı müqavilələri etibarsız hesab edilir və icrasına başlandığı müddətdən bir il ərzində mübahisələndirilə bilər. Bu hallara hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış müqavilələr, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlər, fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdlər, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış müqavilələr və digərləri aiddir.

𝐆ö𝐧𝐝ə𝐫𝐦ə 𝐦ü𝐪𝐚𝐯𝐢𝐥ə𝐬𝐢

Göndərmə müqaviləsi alqı-satqı müqaviləsinin bir növüdür. Bu müqavilə növü çox zaman sahibkarlıq və ya ticarət alqı-satqısı adlanır. Mal göndərmə müqaviləsinin əsas özəlliyi bu müqavilənin predmeti kimi çıxış edən əmtəənin xüsusi istifadə xarakteri ilə müəyyən olunur. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627-ci maddəsində müəyyən olunmuş qaydaya görə bu əmlak şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan, yalnız sahibkarlıq fəaliyyətində istifadə üçün nəzərdə tutulan əmlak olmalıdır.

𝐁𝐚ğış𝐥𝐚𝐦𝐚 𝐦ü𝐪𝐚𝐯𝐢𝐥ə𝐬𝐢

Bağışlama müqaviləsi ən qədim müqavilə növlərindən biridir. Mülki Məcəllədə öz təsbitini belə tapmışdır: "Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir." 

Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama zamanı hər hansı öhdəlik qoyulmayıbsa, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Ə𝐦𝐥𝐚𝐤 𝐤𝐢𝐫𝐚𝐲ə𝐬𝐢 𝐦ü𝐪𝐚𝐯𝐢𝐥ə𝐬𝐢

Mülki qanunvericiliyə görə əmlak kirayəsi müqaviləsi kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Bu müqavilə kirayəyə verənin üzərinə bir sıra məsuliyyətlər qoyur. Bunlara aşağıdakılar aiddir:

  • Kirayəyə verilən əşya kirayəçinin istifadəsi üzrə yararlı vəziyyətdə olmalıdır;
  • Kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır;
  • Üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulmuş istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir;
  • Yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın.

İ𝐜𝐚𝐫ə 𝐦ü𝐪𝐚𝐯𝐢𝐥ə𝐬𝐢

İcarə müqaviləsi də əmlak kirayə müqaviləsidir. Bu müqavilənin şərtlərinə görə icarəyə verən icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verən tərəfindən müəyyənləşdirilmiş icarə haqqını ödəməyə borcludur. İcarə müqaviləsinin predmetinə binalar, torpaq sahələri, daşınar əşyalar, hüquqlar və müəssisələr daxildir. Mülki qanunvericiliyə əsasən torpaq icarəsi istisna olmaqla icarə müqaviləsinə kirayə müqaviləsinin müddəaları tətbiq edilir.

𝐑𝐞𝐧𝐭𝐚 𝐦ü𝐪𝐚𝐯𝐢𝐥ə𝐬𝐢 𝐧ə𝐝𝐢𝐫?

Mülki Məcəllənin 864-cü maddəsinə əsasənrenta müqaviləsi renta alanın əmlakı digər tərəfin mülkiyyətinə verməsi və renta ödəyicisinin alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği ödəməyi boynuna götürməsidir. Renta müqaviləsi hər iki tərəfin imzaladığı bir sənəd formasında tərtib edilir və notariat qaydasında təsdiq edilir. Ödənilən rentanın dəyəri minimum əmək haqqının artırılmasına uyğun olaraq artırılır.