Korporativ hüquq
Korporativ hüquq - mülki hüququn bir sahəsi olmaqla, kommersiya hüquqi şəxslərin yaradılması
və fəaliyyəti ilə əlaqədar əmələ gələn ictimai münasibətləri tənzimləyən hüquqi normalar
məcmusudur.Korporativ hüquq (iş hüququ və ya müəssisə hüququ və ya bəzən şirkət hüququ olaraq da bilinir) şəxslərin, şirkətlərin, təşkilatların və müəssisələrin hüquqlarını, münasibətlərini və davranışlarını tənzimləyən bir qanun məcmuəsidir. Bu termin, şirkətlərlə əlaqəli hüquq praktikasına və ya şirkətlər nəzəriyyəsinə aiddir. Korporativ hüquq anlayışına iki fərqli tərif vermək olar:
1.Geniş mənada, korporativ hüquq - təsərrüfat cəmiyyətləri və ortaqlıqlarının yaradılması və
fəaliyyət qaydalarını, hüquqi statusunu tənzimləyən hüquqi normalar məcmusudur
2.Məhdud mənada, korporativ hüquq - sahibkar və ya kommersiya təşkilatının rəhbərliyi
tərəfindən müəyyən edilən və həmin təşkilatın daxili hüquq münasibətlərini tənzimləyən
qaydalar sistemidir.
Kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslərin yaradılması, dövlət qeydiyyatına alınması, hüquqi şəxslərdən mənfəət vergisi tutulması və digər məsələlərin həlli zamanı lazımi hüquqi yardım almaq qanuna və beynəlxalq normalara əsaslanmalıdır.
Hüquqi şəxsin yaradılması bir sıra qanuna müvafiq ardıcıllıqları tələb edir. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər. Hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər kimi növlərə ayrılır. Azərbaycan Respublikası da mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri olaraq yaradıla bilər. Kommersiya hüquqi şəxslərinin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarətdirsə, qeyri-kommersiya hüquqi şəxslərin əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qurumlar olmasıdır.
Kommersiya hüquqi şəxsləri
Kommersiya hüquqi şəxsləri fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan hüquqi şəxslərdir. Mülki Məcəllənin 64-cü maddəsində qeyd edilir ki, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin paylarına bölünmüş nizamnamə kapitalı olan kommersiya təşkilatlarıdır. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər.
Qeyri-kommersiya hüquqi şəxsləri
Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.