AzərLegalGroup
Ailə hüququ Recruitment

Ailə hüququ

Ailə hüququ xidmətlərinə nikah müqaviləsinin hazırlanması, nikahın pozulması və nikahın etibarsız sayılması, ər-arvad arasında əmlak bölgüsü, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi, övladlığa götürmə, qəyyumluq və himayə, valideynin razılığı olmadan uşağın xarici ölkəyə aparılması və s. məsələlərlə bağlı hüquqi yardım daxildir. 

Nikah, ailə, uşaqların tərbiyəsi hüquqi fəaliyyət üçün olduqca həssas sahədir. Ona görə, ailə hüququ üzrə savadlı hüquqşünas həm də yüksək mənəvi keyfiyyətlərə sahib olmalı və xüsusilə diqqətli davranmlıdır. Digər tərəfdən , məsələ hər birimiz üçün ən mühüm olan ailə ilə bağlı olduğuna görə, bu sahədə hüquqi yardımın yüksək professionallığa malik hüquqşünasın göstərməsi müştəri üçün də xüsusi əhəmiyyət kəsb edir.

𝐍𝐢𝐤𝐚𝐡 𝐧ə𝐝𝐢𝐫?

Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir. Yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah rəsmi qəbul edilir. Kəbinkəsmə (dini nikah) heç bir hüquqi əhəmiyyətə malik deyil.

𝐍𝐢𝐤𝐚𝐡ı𝐧 𝐛𝐚ğ𝐥𝐚𝐧𝐦𝐚 şə𝐫𝐭𝐥ə𝐫𝐢

Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycanda nikah yaşı 18 yaş olaraq müəyyən edilib. Bəzi hallarda (üzrlü səbəblər olduğu halda) nikah yaşına çatmayan şəxslərin müraciəti ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər.

𝐇𝐚𝐧𝐬ı 𝐡𝐚𝐥𝐥𝐚𝐫𝐝𝐚 𝐧𝐢𝐤𝐚𝐡 𝐛𝐚ğ𝐥𝐚𝐧𝐚 𝐛𝐢𝐥𝐦ə𝐳?

Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikah bağlana bilməz:

  • Yaxın qohumlar arasında (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
  • Övladlığa götürənlər və övladlığa götürülənlər;
  • İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
  • Tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;
  • İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

𝐍𝐢𝐤𝐚𝐡ı𝐧 𝐦ə𝐡𝐤ə𝐦ə𝐝ə𝐧 𝐤ə𝐧𝐚𝐫 𝐱𝐢𝐭𝐚𝐦ı

Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıda qeyd etdiyimiz hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:

  • Ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
  • Ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
  • Ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda

𝐍𝐢𝐤𝐚𝐡ı𝐧 𝐦ə𝐡𝐤ə𝐦ə 𝐪𝐚𝐲𝐝𝐚𝐬ı𝐧𝐝𝐚 𝐱𝐢𝐭𝐚𝐦ı

Əgər ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyildirsə nikahın məhkəmə qaydasında xitamı həyata keçirilir.

Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur

𝐇𝐚𝐧𝐬ı 𝐡𝐚𝐥𝐥𝐚𝐫𝐝𝐚 𝐛𝐨ş𝐚𝐧𝐦𝐚𝐪 𝐨𝐥𝐦𝐚𝐳?

Boşanmaq fikirləşdiyimiz kimi asan proses deyil. Qanunvericilik nikahın pozulması zamanı bir sıra məhdudiyyətlər qoyur. Belə ki, arvadın hamiləliyi dövründə o cümlədən uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı olmadıqda ər nikahın pozulması barədə iddia qaldıra bilməz. Bu hal nikahın məhkəmə qaydasında və VVADQ şöbələrində nikaha xitam verilməsi qaydalarına da aiddir. Uşağın doğulmasından bir il keçdikdən sonra bu müddəa öz qüvvəsini itirir və əvvəlki işin icraatına xitam verilməsindən asılı olmayaraq ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilər. 

Onu da qeyd edək ki, qanunvericilik ölü doğulmuş uşağı və ya doğulduqdan sonra bir il müddətə yaşamayan uşaqların istisnasını müəyyən etməmişdir. Bir sözlə bu hallar da ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdırır.

𝐀𝐥𝐢𝐦𝐞𝐧𝐭 𝐧ə𝐝𝐢𝐫?

Aliment dedikdə Ailə Məcəlləsinin müddəalarında qeyd edildiyi kimi ana və atalardan uşaqların saxlanması üçün, o cümlədən ailənin başqa üzvlərinin saxlanması üçün məhkəmə tərəfindən tutulan müəyyən məbləğdə pul başa düşülür. Əgər bu şəxslər öz aralarında razılığa gəliblərsə saziş bağlayırlar. Bu sazişdə alimentin miqdarı və digər məsələlər qeyd edilir. Saziş olmadıqda isə aliment məhkəmə qaydasında tutulur.

𝐁𝐨ş𝐚𝐧𝐦𝐚 𝐳𝐚𝐦𝐚𝐧ı 𝐚𝐥𝐢𝐦𝐞𝐧𝐭

Bildiyimiz kimi boşanma zamanı aliment həll edilən ən vacib və mübahisəli məsələlərdən biridir. Uşaqların saxlanması valideynlərin vəzifəsidir. Uşaqların bu hüququ qanunla qorunur. Valideynlər könüllü surətdə uşaqların saxlanmasından imtina etdikdə isə bu məsələ məhkəmə qaydasında həll edilir.

𝐇𝐚𝐧𝐬ı 𝐡𝐚𝐥𝐥𝐚𝐫𝐝𝐚 𝐚𝐥𝐢𝐦𝐞𝐧𝐭 𝐯𝐞𝐫𝐢𝐥𝐦𝐢𝐫?

Kifayət qədər mübahisəli olan aliment məsələlərində ən çox verilən suallardan biri də alimentin hansı hallarda verilmədiyidir. Belə ki, uşaqlar yetkinlik yaşına çatdıqda, aliment ödənilən uşaq övladlığa götürüldükdə, aliment ödəyən və ya alan şəxs vəfat etdikdə məhkəmə alimentin verilməsini dayandırır.

𝐀𝐥𝐢𝐦𝐞𝐧𝐭𝐢𝐧 𝐦𝐢𝐪𝐝𝐚𝐫ı

Əgər valideynlər arasında uşaqların saxlanması barədə hər hansı bir razılıq yoxdursa, o zaman bu məsələ məhkəmə qaydasında həll edilir. Bu zaman məhkəmə 1 uşağın saxlanmasına görə valideynlərin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsini, 2 uşağa görə qazancın üçdə bir hissəsini, üç və daha çox uşaqlara görə isə qazancının yarısını tuta bilər. Əlbəttə ki, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

𝐀𝐥𝐢𝐦𝐞𝐧𝐭𝐢𝐧 𝐚𝐳𝐚𝐥𝐝ı𝐥𝐦𝐚𝐬ı

Qanunvericilik müəyyən hallarda alimentin azaldılması ilə bağlı müddəalar nəzərdə tutmuşdur. Belə ki, aliment ödəyən şəxsin başqa uşaqlarının olması və onların daha az təminatlı olması, aliment ödəyən şəxs I və ya II qrup əlil olması (bu şəxslərin əsas qazancları aldıqları təqaüddür və dərmanlara daha çox ehtiyacları olur), aliment alan şəxsin işləməsi və kifayət qədər əmək haqqı alması hallar alimentin azaldılması zamanı əsasdır.

𝐍𝐢𝐤𝐚𝐡ı𝐧 𝐩𝐨𝐳𝐮𝐥𝐦𝐚𝐬ı 𝐳𝐚𝐦𝐚𝐧ı 𝐡ü𝐪𝐮𝐪𝐢 𝐱𝐢𝐝𝐦ə𝐭

Nikahın pozulması zamanı həyata keçirilən prosessual hərəkətlər yəni iddia ərizələri, lazımı sənədlərin toplanması və məhkəməyə müraciət, o cümlədən alimentin verilməsi, miqdarı, azaldılması kimi vacib məsələlərdə düzgün hüquqi yardım almaq hər kəsin haqqıdır.

Yüksək ixtisaslı əməkdaşlarımız sizə nikahın məhkəmə qaydasında və məhkəmədən kənar pozulması zamanı lazım olan prosedurların (iddia ərizələrinin yazılması, lazımi sənədlərin toplanması, məhkəmə proseslərində iştirak) həyata keçirilməsi ilə bağlı, o cümlədən nikaha hansı hallarda məhkəmədən kənar xitam verilməsi məsələlərində hüquqi xidmət təklif edir.

Əmlak bölgüsü nikaha xitam verildikdən sonra üzə çıxan əsas məsələlərdən biridir. Əmlak bölgüsü barədə, zinət əşyaları və cehizin qaytarılması, evdə yaşamaq hüququ və digər məsələlər ilə bağlı iddia ərizəsinin yazılması, sənədlərin məhkəməyə təqdim edilməsi və müdafiə üçün düzgün ünvana müraciət etmək şərtdir.

𝐁𝐨ş𝐚𝐧𝐦𝐚 𝐳𝐚𝐦𝐚𝐧ı ə𝐦𝐥𝐚𝐤 𝐛ö𝐥𝐠ü𝐬ü

Boşanma zamanı əmlak bölgüsü, ərin (arvadın) yaşadığı mənzildə yaşayış və istifadə hüququnun tanınması nikaha xitam verilərkən və ya verildikdən sonra gündəlikdə duran ən aktual məsələlərdəndir. Qeyd edək ki, əmlak bölgüsü Ailə Məcəlləsi və Mülki Məcəllə ilə tənzimlənir. Hər iki Məcəllədə nikah zamanı əldə olunan əmlakın ailənin ümumi əmlakı olduğu vurğulanır.

𝐁𝐨ş𝐚𝐧𝐦𝐚 𝐩𝐫𝐨𝐬𝐞𝐬𝐢

Boşanma prosesi tərəflərin razılığı olduqda, o cümlədən yetkinlik yaşına (18 yaş) çatmayan uşaqları yoxdursa müvafiq icra orqanlarında, əks hallarda isə məhkəmə qaydasında həll edilir. Boşandıqdan sonra və ya boşanma prosesi zamanı uşaqların kimin yanında qalması, aliment kimi məsələlər müzakirə olunur. Məhkəmə bu işlərlə yanaşı nikaha xitam verilməsi ilə əlaqədar ortaya çıxan tərəflərin birgə əmlakının bölünməsi məsələsinə də baxır.

𝐌ü𝐥𝐤ü𝐧 𝐛ö𝐥ü𝐧𝐦ə𝐬𝐢

Mülkün bölünməsi zamanı məhkəmə bir sıra halları nəzərə alır. İlk öncə həmin mülkün dövlət reyestrində qeydə alınıb alınmadığı, daha sonra tərəflərin həmin əmlakı nə vaxt əldə etdiyi (nikahdan əvvəl və ya nikah dövründə) müəyyənləşirilir. 

Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda uşaqların mənafeyini nəzərə alaraq məhkəmə mülkü ərlə arvad arasında bərabər bölməyə də bilər. Bu zaman uşaqların kiminlə qalmasından asılı olaraq paylar qeyri-bərabər bölünür.

𝐃𝐚şı𝐧𝐦𝐚𝐳 ə𝐦𝐥𝐚𝐤ı𝐧 𝐛ö𝐥ü𝐧𝐦ə𝐬𝐢

Daşınmaz əmlakın bölünməsi ilə bağlı  ər və ya arvad boşandıqdan sonra 3 il müddətində iddia qaldıra bilərlər. Məhkəmə praktikasında əmlak bölgüsü ilə bağlı ən çox qadınlar tərəfindən iddia qaldırılır. Bu zaman əgər daşınmaz əmlakın birgə nikah dövründə alınması müəyyən edilərsə məhkəmənin qərarı ilə ərə (arvada) evdə yaşamaq hüququ verilə bilər və ya satılaraq tərəflər arasında bölgü edilə bilər. Mülkün satılması mümkün olmazsa natura şəklində bölgü aparılır.

𝐁𝐨ş𝐚𝐧𝐦𝐚 𝐳𝐚𝐦𝐚𝐧ı 𝐳𝐢𝐲𝐧ə𝐭 əş𝐲𝐚𝐥𝐚𝐫ı

Boşanma zamanı ziynət əşyaları məhkəmə proseslerində ən çox müzakirə olunan məsələlərdəndir. Belə ki, Ailə Məcəlləsinin 34-cü maddəsində təsbit edilmişdir ki, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri, yəni geyim, ayaqqabı və s. əşyalar nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

𝐁𝐨ş𝐚𝐧𝐦𝐚𝐝𝐚 𝐜𝐞𝐡𝐢𝐳

Boşanmada cehiz dedikdə, nikaha daxil olanadək və ya nikah dövründə verilən hədiyyələr və ya hər hansı əvəzsiz əqdlər tərəflərin hər birinin  şəxsi mülkiyyətindədir. Daha dəqiq desək, bu tərəflərin birgə mülkiyyəti hesab olunmur. Ailə Məcəlləsinə əsasən, ər-arvadın daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.

𝐁𝐨ş𝐚𝐧𝐝ı𝐪𝐝𝐚𝐧 𝐬𝐨𝐧𝐫𝐚 𝐞𝐯𝐝ə 𝐲𝐚ş𝐚𝐦𝐚𝐪 𝐡ü𝐪𝐮𝐪𝐮

Boşandıqdan sonra evdə yaşamaq hüququ ilə əlaqədar məhkəmələrə çoxsaylı iddia ərizəsi verilir. Əgər mülkiyyət birgə yaşayış vaxtı alınıbsa boşanma zamanı tərəflər arasında yarı bölünür. Həmçinin, əgər qadın evləndikdən sonra həyat yoldaşının yaxud qayınata və qayınanasının evində qeydiyyata düşübsə, bu zaman ona həmin evdə yaşamaq hüququ verilir. Lakin ər buna etiraz etdikdə və qadın da həmin evdə yaşamaq istəmirsə bu zaman ona kompensasiya verilir.

𝐍𝐢𝐤𝐚𝐡 𝐦ü𝐪𝐚𝐯𝐢𝐥ə𝐬𝐢

Nikah müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanan sazişdir. Nikah müqaviləsi ər-arvadın nikah dövründə, həmçinin nikah pozulduqdan sonra əmlak hüquq və vəzifələrini müəyyən edir. Belə ki, Ailə qanunvericiliyinə əsasən tərəflər nikah müqaviləsində mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair qeydlər edə  bilərlər. Nikah müqaviləsi cütlüklərin nikah dövründə və boşandıqdan sonra hüquqlarının qorunmasında mühüm rol oynayır və yuxarıda sadalanan problemlərlə daha az qarşılaşmaqlarına kömək edir.

Ə𝐦𝐥𝐚𝐤 𝐛ö𝐥𝐠ü𝐬ü 𝐳𝐚𝐦𝐚𝐧ı 𝐡ü𝐪𝐮𝐪𝐢 𝐱𝐢𝐝𝐦ə𝐭

Qanunvericilikdə olan bu müddəalara əsaslanaraq Şirkətin yüksək ixtisaslı hüquqşünasları tərəfindən nikah pozulduqdan sonra ümumi əmlakın bölgüsü barədə mübahisələrin qaldırılması, məhkəməyə iddia ərizələrinin, o cümlədən lazım olan digər sənədlərin təqdim edilməsi, məhkəmə proseslərində çıxış edilməsi və digər lazımi işlərin görülməsi kimi hüquqi xidmətlər təmin edilir.

𝐀𝐭𝐚𝐥ığı𝐧 𝐦üə𝐲𝐲ə𝐧 𝐨𝐥𝐮𝐧𝐦𝐚𝐬ı

Atalığın müəyyən olunması və ya atalıq hüququndan məhrum etmə, atalıqdan imtina kimi həyati məsələlərin konfidensiallığını qorumaqla həll etmək üçün peşəkar hüquqi yardım almaq lazımdır. Atalığın müəyyən olunması məhkəmə və müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Atalığın müəyyən olunması uşaq hüquqlarının təməlini təşkil etdiyindən birbaşa dövlət nəzarətindədir. Bu hüquq Ailə Məcəllləsində öz təsbitini belə tapmışdır: “Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur.

𝐔ş𝐚𝐪𝐥𝐚𝐫ı𝐧 𝐦ə𝐧şə𝐲𝐢𝐧𝐢𝐧 𝐦üə𝐲𝐲ə𝐧 𝐞𝐝𝐢𝐥𝐦ə𝐬𝐢

Uşaqların mənşəyinin müəyyən edilməsi birbaşa valideynlərin hüquq və vəzifələrini müəyyənləşdirir. Uşağın anadan mənşəyinin müəyyən olunması üçün ananın tibb müəssisəsində uşağı doğmasını təsdiq edən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulubsa şahid ifadələri, tibbi sənədlər və digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

𝐌ə𝐡𝐤ə𝐦ə 𝐪ə𝐫𝐚𝐫ı 𝐢𝐥ə 𝐚𝐭𝐚𝐥ığı𝐧 𝐦üə𝐲𝐲ə𝐧 𝐨𝐥𝐮𝐧𝐦𝐚𝐬ı

Atalığın müəyyən olunması ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyənləşdirilir.

Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.Atalığın müəyyən edilməsi atanın istəyi olmadan gerçəkləşdirildikdə ananın yazılı razılığı, uşağın doğum şəhadətnaməsi, valideynin şəxsiyyətini təsdiq edən sənəd, atalığın müəyyən edilməsinə dair məhkəmə qərarı müəyyən icra hakimiyyəti orqanlarına təqdim olunur.

𝐀𝐭𝐚𝐥ı𝐪 (𝐯𝐚𝐥𝐢𝐝𝐞𝐲𝐧𝐥𝐢𝐤) 𝐡ü𝐪𝐮𝐪𝐮𝐧𝐝𝐚𝐧 𝐦ə𝐡𝐫𝐮𝐦 𝐞𝐭𝐦ə

Atalıq hüququndan məhrum etmə məhkəmənin çıxardığı qərarla təmin olunur. Valideynlərdən hər hansı birinin analıqdan və ya atalıqdan məhrum edilməsi onların öz vəzifələrini layiqi ilə yerinə yetirmədikləri müəyyən olunduqda baş tutur.

Ailə Məcəlləsinin 64-cü maddəsində valideynlik hüququndan məhrumetmənin səbəbləri kimi aşağıdakılar göstərilmişdir:

  • Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
  • Alimenti qəsdən ödəmədikdə;
  • Heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
  • Valideynlik hüquqlarından sui-istifadə etdikdə;
  • Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
  • Xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
  • Uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

𝐀𝐭𝐚𝐥ı𝐪 𝐡ü𝐪𝐮𝐪𝐮𝐧𝐝𝐚𝐧 𝐢𝐦𝐭𝐢𝐧𝐚

Atalıq hüququndan imtina əksər hallarda şəxsin valideynlik vəzifələrindən boyun qaçırması üçün əsas təşkil edir. Bir sıra hallarda cütlüklər əsmi nikaha daxil olmadan ailə həyatı qururlar və övladları olur. Bir müddətdən sonra ayrılırlar və qarşı tərəf uşağa öz soyadını verməkdən imtina edir. Bunun əsas səbəbi də alimentin ödənilməsindən azad olmaq üçün olur.

Bu hallarda qadın öz hüquqlarını bilmədiyinə görə atadan nə vəzifələrinin icrasını, nə də alimentin ödənilməsini tələb edə bilmir. Valideynlər arasında nikah olmadığından və atalığın müəyyən edilməsi barədə valideynlərin birgə ərizəsi, o cümlədən məhkəmənin qətnaməsi yoxdursa, doğum haqqında şəhadətnaməyə atanın soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi ilə yazılır. Bundan sonra ana atalığın müəyyən olunması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.