Vergi hüququ
Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi hüququ xidmətlərinə vergi orqanlarında və məhkəmələrdə təmsilçilik, vergi ödəyicilərinə hüquqi məsləhətlərin verilməsi, vergi hesabatlarının, bəyannamələrinin tərtib olunması və bu hüquqla bağlı olan digər hüquqi xidmətlər aiddir.
Vergi ödəyicisinin hüquqları
1.Vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativhüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq;
2.Vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;
3.Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi məqsədilə vergi orqanlarına ərizə ilə müraciət etmək;
4.Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək;
5.Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək;
6.Vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək;
7.Vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq;
8.Vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək;
9.Vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ-hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək;
10.Müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
11.Qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya və (və ya) vergi sirrinin qorunmasını tələb etmək;
12.Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qeyri-qanuni aktları (qərarları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin tam ödənilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada tələb etmək;
13.Vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək;
14.Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra Vergi Məcəlləsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək;
15.Vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan
keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini
sifariş vermək;
16.Nəzarət-kassa aparatlarının tətbiqi məcburi olmayan fəaliyyət növləri də nəzərə alınmaqla, pul hesablaşmalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara
cavab verən və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarətkassa aparatları vasitəsilə həyata keçirmək;
17.Vergi risklərinin minimallaşdırılması məqsədi ilə “Vergi partnyorluğu sazişi” bağlamaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək;
18.Vergi Məcəlləsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş formada ərizə ilə vergi orqanlarına müraciət etmək;
19.Hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək.